Bu gün:

Chanel 2027-ci ilin yaz-yay kolleksiyasını təqdim edib


Chanel-in yeni bədii rəhbəri kimi yüksək qiymətləndirilən debütündən bir il sonra Matye Blazi (Matthieu Blazy) nümayiş etdirdi ki, coşqulu rəylərə və alıcıların böyük marağına baxmayaraq, o, hər şeyin necə başladığını unutmayıb. 

5 oktyabr axşamı dizayner moda evinin banisi Qabriel "Koko" Şanelə (Gabrielle "Coco" Chanel) ithaf olunan bir kolleksiya təqdim edib. Bu kolleksiya qadın həyatının müxtəlif mərhələlərini vəsf edir və ən əsası həmin mərhələlər üçün uyğun geyimlər təklif edirib.


Nümayişi model Dayanira Hurbuşer (Dyanira Hurbuscher) şəffaf bir geyimdə açıb. Bu geyimdəki büstqalter Edvard dövrünün korsetlərindəki sərt konstruksiya elementlərini xatırlatsa da, tamamilə yumşaq və hərəkəti məhdudlaşdırmayan bir tərzdə hazırlanmışdı (məlum olduğu kimi, Qabriel öz dövrünün sərt moda qaydalarını rədd edirdi). Hurbuşer "Patrimoine" arxivindən götürülmüş Madam Şanelin şəxsi "2.55" çantalarından birini daşıyıb. Moda tarixinin bu nümunəsi kolleksiyanın sonuncu obrazında yenidən görünərək bir növ çərçivə rolunu oynayıb. Beləliklə, moda dünyasının bu böyük xanımına əvvəldən sona qədər ehtiram göstərilib.


Lakin Blazi nümayişlə bağlı qeydlərində bildirib ki, ötən gecəki şou sadəcə bir tarix dərsi deyil, məqsəd qadınlara həyatlarının hər mərhələsində ehtiyac duyduqları geyimləri təqdim etmək idi: "Qadınlar ömürləri boyu müxtəlif şəxsiyyətlərə bürünür, eyni sikkənin fərqli üzləri kimi təzahür edirlər. Bu, bir şəxsiyyətin digərinə yol açdığı "zərif cəsəd" (exquisite corpse) oyununa bənzəyir. Söhbət qadının daxilindəki müxtəlif qadın obrazlarından gedir. Və burada əsas məqam bir qadından — sonradan Chanel-ə çevrilən Qabrieldən bəhs etməkdir."

Tərcümə: Aygül Alıyeva  

Mənbə: CNN

Paylaş
Şərh əlavə et