Bu gün:

Hava limanında çamadandan 37 canlı zəhərli ilan tapılıb


Almaniyanın Köln-Bonn Hava Limanında 90-dan çox kərtənkələ və zəhərli ilanı ölkəyə keçirməyə cəhd edən şəxs saxlanılıb.

24media.az TRT Haber saytına istinadən xəbər verir ki, gömrük əməkdaşları 45 yaşlı meksikalı yanğınsöndərənin gömrük bəyannaməsi tələb olunmayan sərnişinlər üçün nəzərdə tutulan yaşıl dəhlizdən keçərkən çox həyəcanlı göründüyünü bildiriblər. Çamadanı yoxlamazdan əvvəl əməkdaşlar şübhəli şəxsin üzərində narkotik testi keçiriblər, nəticədə kokain aşkarlanıb. Çamadanda narkotik vasitə tapılmayıb. Bunun əvəzində şampun və krem şüşələrinin, plastik qabların və corab yumaqlarının içində gizlədilmiş gürzələr, zınqırovlu ilanlar, iquanalar və digər ilan və kərtənkələ növləri aşkar edilib. Köln Gömrük İdarəsinin sözçüsü Yens Ahland deyib ki, hava limanı əməkdaşları çamadanlarda müxtəlif hədiyyələrə rast gəlməyə vərdiş ediblər, lakin bundan əvvəl Meksikadan gətirilən 37 canlı zəhərli ilan və 55 kərtənkələ aşkar etməyiblər. Adı açıqlanmayan şübhəli əməkdaşlara bildirib ki, heyvanları braziliyalı tanışına yaxşılıq etmək məqsədilə gətirib. Sağ qalan heyvanların baxımı Almaniyadakı ilan fermasına həvalə olunub. Gömrük sözçüsü ötən il ölkə üzrə mühafizə olunan 56 mindən çox heyvan, bitki və ya onlardan əldə edilən məhsulu əhatə edən 1300-dən çox müsadirə əməliyyatı həyata keçirildiyini açıqlayıb. Altı il əvvəl Köln-Bonn Hava Limanında gömrük əməkdaşları Meksikadan oyuncaq və şirniyyat qablaşdırmalarının içində gizlədilərək gətirilən 26 nadir sürünən aşkarlamışdılar, onlardan 10-u ölü idi. Həmin heyvanların Almaniyadakı xüsusi şəxslərə göndərilməsi nəzərdə tutulurdu.

Fidan Mənsimova



Paylaş
Şərh əlavə et