Araşdırmalar göstərir ki, evdə yaradılan əlverişli öyrənmə mühiti və valideyn dəstəyi şagirdlərin akademik nailiyyətlərinə və dərslərə marağına müsbət təsir göstərir. Düzgün dərs cədvəli, fəal öyrənmə üsulları və sağlam gündəlik rejim uşaqların daha səmərəli öyrənməsinə kömək edə bilər.

Avstraliya Təhsil Tədqiqatları Şurası (ACER) və Avstraliya Ailə Araşdırmaları İnstitutunun (AIFS) araşdırmalarına əsasən, evdə müntəzəm öyrənmə mühitinin yaradılması və valideynlərin dəstəyi şagirdlərin təhsil nəticələri ilə əlaqəlidir.
Şagirdlərdə effektiv dərs vərdişlərinin formalaşması üçün ailələr bir sıra praktik üsullardan istifadə edə bilərlər.
1. Dərs üçün xüsusi məkan yaradın
Şagirdlərin diqqətini toplaması üçün sakit və səliqəli dərs mühitinin olması vacibdir. Televizor, mobil telefon və digər diqqətyayındırıcı amillərdən uzaq bir yer seçilməsi öyrənmə prosesini asanlaşdıra bilər.
Dərs masası böyük və ya bahalı olmasa da, rahat, yaxşı işıqlandırılmış və zəruri tədris ləvazimatları ilə təmin edilmiş olmalıdır. Hər gün eyni məkanda dərs hazırlamaq şagirdlərə həmin yeri öyrənmə və diqqəti cəmləmə ilə əlaqələndirməyə kömək edir.
Bununla yanaşı, valideynlərin uşaqları həvəsləndirməsi, onlara səbirli yanaşması və real gözləntilər müəyyənləşdirməsi də müsbət öyrənmə mühitinin formalaşmasında əhəmiyyətlidir.
2. Müntəzəm dərs rejimi müəyyənləşdirin
Dərs hazırlamaq üçün sabit vaxtın müəyyən edilməsi şagirdlərə vaxtlarını düzgün bölüşdürməyə və tapşırıqlarını vaxtında yerinə yetirməyə kömək edir.
Dərs, təkrar, məktəbdənkənar fəaliyyətlər və istirahət üçün ayrıca vaxt ayrılması tövsiyə olunur. Şagirdlər günün daha diqqətli və enerjili olduqları saatlarında dərs hazırlamağa üstünlük verə bilərlər.
Fasiləsiz bir neçə saat dərs oxumaq əvəzinə, qısa dərs sessiyaları və müntəzəm fasilələr diqqətin qorunmasına kömək edə bilər. Həftəlik plan hazırlamaq isə qarşıdakı imtahanları, tapşırıqları və son təhvil tarixlərini əvvəlcədən müəyyənləşdirməyə imkan verir.
3. Fəal öyrənmə üsullarından istifadə edin
Dərs materiallarını sadəcə təkrar oxumaq əvəzinə, məlumatı yaddaşdan xatırlamağa və tətbiq etməyə çalışmaq öyrənmə prosesini daha səmərəli edə bilər.
Bunun üçün aşağıdakı üsullardan istifadə etmək mümkündür:
Aktiv xatırlama: qeydlərə baxmadan öyrənilən mövzu ilə bağlı sualları cavablandırmaq.
Fasiləli təkrar: məlumatı müəyyən vaxt intervalları ilə yenidən nəzərdən keçirmək.
Öz sözləri ilə izah etmək: mövzunu daha yaxşı anlamaq üçün əsas fikirləri sadə şəkildə ifadə etmək.
Əvvəlki imtahan suallarını həll etmək: vaxt məhdudiyyəti daxilində sualları cavablandıraraq imtahana hazırlaşmaq.
Valideynlərin uşaqlarına kömək etmək üçün bütün fənləri bilməsi vacib deyil. Onlar övladlarından mövzunu özlərinə izah etməyi və ya imtahanda verilə biləcək sualları cavablandırmağı xahiş edə bilərlər.
4. Şagirdlərdə müstəqilliyi inkişaf etdirin
Xüsusilə orta və yuxarı siniflərdə şagirdlərin öz öyrənmə proseslərini idarə etməsi mühüm bacarıq hesab olunur.
Valideynlər uşaqlarına dərs planı hazırlamaq, son tarixləri izləmək və öz irəliləyişlərini qiymətləndirmək üçün daha çox məsuliyyət verməlidirlər. Bununla yanaşı, ehtiyac yarandıqda onlara istiqamət göstərmək də vacibdir.
Şagirdlərin hər addımına nəzarət etmək əvəzinə, onların problemləri müstəqil həll etməsinə şərait yaratmaq məsuliyyət hissinin formalaşmasına kömək edə bilər.
5. Rəqəmsal diqqətyayındırıcıları azaldın
Texnologiya təhsil üçün faydalı vasitə olsa da, dərs zamanı diqqətin yayınmasına səbəb ola bilər.
Bunun qarşısını almaq üçün mobil telefonun bildirişlərini söndürmək, cihazı dərs masasından uzaqlaşdırmaq və ya xüsusi diqqət rejimindən istifadə etmək tövsiyə olunur.
Həddindən artıq ekran istifadəsi yuxu rejiminə və diqqətə mənfi təsir göstərə bilər. Buna görə də texnologiyadan məqsədyönlü istifadə etmək və dərs zamanı lazımsız fasilələri azaltmaq vacibdir.
6. Sağlamlığı və rifahı ön planda saxlayın
Şagirdlərin akademik uğuru yalnız dərs oxuma üsullarından deyil, fiziki və emosional vəziyyətlərindən də asılıdır.
Mütəxəssislər sağlam yuxu rejiminə əməl etməyi, balanslı qidalanmağı, müntəzəm fiziki fəaliyyətlə məşğul olmağı və dərs zamanı fasilələr verməyi tövsiyə edirlər.
Dərs və şəxsi həyat arasında tarazlığın qorunması yorğunluğun və həddindən artıq stressin qarşısını almağa, uzunmüddətli öyrənmə prosesini dəstəkləməyə kömək edə bilər. Valideynlərin öz gündəlik həyatlarında sağlam vərdişlərə əməl etməsi də uşaqlar üçün nümunə yaradır.
7. Dərsləri təxirə salmaq vərdişinin qarşısını alın
Bir çox şagird tapşırıqların çətin və ya çox olduğunu düşündüyü üçün dərs hazırlamağı təxirə salır. Belə hallarda böyük tapşırıqları kiçik və yerinə yetirilməsi asan mərhələlərə bölmək faydalıdır.
Real məqsədlər müəyyənləşdirmək və əldə olunan kiçik nəticələri qiymətləndirmək də motivasiyanın qorunmasına kömək edə bilər. Bu yanaşma şagirdlərə dərs prosesinə daha rahat başlamaq və tapşırıqları mərhələli şəkildə tamamlamaq imkanı verir.
8. Səhvləri öyrənmə fürsəti kimi qiymətləndirin
Səhvlər öyrənmə prosesinin təbii hissəsidir. Buna görə də valideynlər yalnız qiymətlərə deyil, uşaqların göstərdiyi səylərə, davamlılığına və irəliləyişinə də diqqət yetirməlidirlər.
Şagirdin səhvin səbəbini müəyyənləşdirməsinə, yanlışlarını təhlil etməsinə və öyrənmə üsulunu dəyişdirməsinə kömək etmək onun özünəinamını və çətinliklər qarşısında davamlılığını artıra bilər.
İnkişaf düşüncəsinin formalaşması uşaqlara bacarıqlarını təcrübə və səylə təkmilləşdirə biləcəklərini anlamağa kömək edir.
Davamlı vərdişlər akademik uğurun əsasını təşkil edir
Effektiv dərs vərdişlərinin formalaşması müntəzəmlik, düzgün planlaşdırma və ailə dəstəyi tələb edir. Evdə əlverişli öyrənmə mühitinin yaradılması, vaxtın düzgün idarə olunması, fəal öyrənmə üsullarından istifadə və sağlamlığın qorunması şagirdlərin təhsil prosesinə daha məsuliyyətlə yanaşmasına kömək edə bilər.
Bu vərdişlər yalnız məktəb qiymətlərinə deyil, həm də uşaqların gələcəkdə müstəqil öyrənən və öz məsuliyyətlərini idarə edə bilən fərdlər kimi formalaşmasına töhfə verə bilər.
Tərcümə etdi: Nərmin Məmmədzadə
Mənbə: edu-live.com
