ABŞ-də təxminən 9 min yeniyetmə üzərində aparılan yeni tədqiqat 12 yaşda smartfona sahib olmağın yemə pozuntusu əlamətləri riskini nəzərəçarpacaq dərəcədə artırdığını ortaya qoyub.
24media.az TRT Haber saytına istinadən xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisko filialının (UCSF) alimləri smartfon istifadəsi ilə uşaqlarda yemə pozuntuları arasındakı əlaqəni araşdırıblar. Araşdırmanın nəticələrinə görə, 12 yaşında smartfonu olan uşaqlarda yemə pozuntusu əlamətlərinin müşahidə olunma ehtimalı 36 faiz yüksəkdir. Həmin uşaqlarda həddindən artıq yemə əlamətləri isə 61 faiz daha çox qeydə alınıb. Tədqiqatda iştirak edən 12 yaşlı uşaqların təxminən 70 faizi smartfon sahibi olub. Nəticələr “JAMA Network Open” jurnalında dərc edilib.Mütəxəssislər sosial mediada yayılan ideal bədən görüntülərinin qeyri-sağlam qidalanma vərdişlərini təşviq edə biləcəyini vurğulayıblar. Bununla belə, araşdırma smartfonların yemə pozuntularına birbaşa səbəb olduğunu sübut etmir. Alimlər valideynlərə uşaqların smartfon və sosial media istifadəsinə nəzarət etməyi tövsiyə ediblər. Onlar həmçinin uşaqlara smartfon verilmə yaşının və cihazdan istifadə qaydalarının diqqətlə qiymətləndirilməsinin vacibliyini qeyd ediblər.
Fidan Mənsimova
