Bu gün:

MI5 rəhbəri Rusiyadan, İrandan və süni intellektdən qaynaqlanan təhdidlər barədə xəbərdarlıq edib


Böyük Britaniyanın daxili kəşfiyyat xidməti MI5-in rəhbəri ser Ken Makkallum ölkənin Rusiya və İranla əlaqəli təhdidlər, eləcə də süni intellektin terror məqsədilə istifadəsi ilə bağlı ciddi risklərlə üzləşdiyini bildirib.

Ser Ken Makkallum 

24Media.az BBC-yə istinadən xəbər verir ki, Makkallumun sözlərinə görə, xarici dövlətlərdən qaynaqlanan təhdidlər son on ildə dörd dəfə artıb. O, Rusiyanı əsas təhlükə mənbəyi adlandıraraq Moskvanın kiberhücumlar, təxribatlar və dezinformasiya vasitəsilə Avropa ölkələrinin sabitliyini pozmağa çalışdığını qeyd edib.

MI5 rəhbəri bildirib ki, Rusiyanın casus şəbəkəsinin zəiflədilməsi Kremlin bəzi əməliyyatları həyata keçirmək üçün cinayətkar şəxslərdən istifadə etməsinə səbəb olub.

Makkallumun açıqlamasına görə, son bir ildə İranla əlaqəli fəaliyyətlərlə bağlı Böyük Britaniyada 50 nəfər həbs edilib. Bu fəaliyyətlərin hədəfləri arasında yəhudi icmaları və hərbi obyektlər də var. O, Qlosterşir qraflığında yerləşən RAF Fairford hərbi hava bazasının yaxınlığında baş verən hadisənin İranla əlaqəli maraqların yeganə nümunəsi olmadığını bildirib. Həmin hadisə ilə bağlı yeddi nəfər saxlanılıb və sonradan zaminə buraxılıb.

MI5 rəhbəri, həmçinin terrorçu qrupların süni intellektdən təbliğat, radikallaşdırmaq və hücumlara hazırlıq məqsədi məqsədilə istifadə edə biləcəkləri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, kəşfiyyat xidməti süni intellektdən kəşfiyyat məlumatlarının toplanması və hücum metodlarının təkmilləşdirilməsi məqsədilə yararlanmağa çalışan terrorçuları müəyyən edib. Makkallum xüsusilə bu texnologiyanın bioloji silahlarla bağlı riskləri artıra biləcəyindən narahat olduğunu bildirib.

O, Böyük Britaniyada ifrat sağçı terrorçuluq təhlükəsinin də artdığını bildirib. Makkallumun sözlərinə görə, internetdə yayılan radikal fikirlər, xüsusilə miqrasiya əleyhinə və müsəlmanlara qarşı nifrət bəzi hallarda terror niyyətinə çevrilir. Onun bildirdiyinə görə, MI5 son aylarda radikallaşmış 13 yaşlı yeniyetmə ilə bağlı araşdırma aparıb və əldə olunan məlumatlar beynəlxalq tərəfdaşlardan birinə başqa ölkədə ölümcül hücumun qarşısını almağa kömək edib.

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi apreldə son beş ildə ilk dəfə “ciddi” həddə qaldırılıb. Bu, ölkədə terror hücumunun baş vermə ehtimalının yüksək olduğunu göstərir. Makkallum bildirib ki, hazırda dövlətlərdən qaynaqlanan təhdidlərə və terrorçuluğa qarşı mübarizə MI5-in fəaliyyətində demək olar ki, eyni miqyasdadır.

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et