İngiltərə futbolunda klubların maliyyə vəziyyəti ilə bağlı narahatedici mənzərə ortaya çıxıb. Müstəqil futbol tənzimləyicisinin hazırladığı hesabatda klubların böyük hissəsinin zərərlə işlədiyi, borcların artdığı və bir çox komandanın sahibkarların maliyyə dəstəyindən asılı vəziyyətdə olduğu bildirilib.
İngiltərənin Bury futbol klubunun maliyyə problemləri səbəbindən 2019-cu ildə Futbol Liqasından kənarlaşdırılmasını xatırladan görüntü.
"BBC Sport"-un məlumatına görə, hesabat İngiltərə futbolunun maliyyə dayanıqlılığı ilə bağlı ciddi problemləri üzə çıxarıb. Araşdırmaya əsasən, ölkənin beş əsas futbol liqasında çıxış edən klubların 94 faizi 2025–2026-cı illər mövsümündə zərərlə üzləşib. Eyni zamanda, İngiltərə Futbol Liqası (EFL) və Milli Liqada mübarizə aparan klubların 60 faizindən çoxunun maliyyə öhdəliklərini yerinə yetirmək imkanları ciddi risk altındadır.
Hesabatda qeyd olunub ki, klubların artan borclardan və sahiblərinin maliyyə dəstəyindən həddindən artıq asılı olması təhlükəli vəziyyət yaradıb. Məlumata görə, yeni maliyyə dəstəyi olmadan klubların 66 faizi 90 gündən artıq fəaliyyətini davam etdirə bilməz. Klubların 29 faizi isə belə dəstək olmadan cəmi 30 gün ərzində maliyyə çətinliyi ilə üzləşə biləcəyini bildirib.
Araşdırmada daha bir diqqətçəkən məqam klubların ehtiyat planlarının olmamasıdır. Məlumata görə, klubların 68 faizinin sahibi maliyyə dəstəyini dayandıracağı təqdirdə istifadə edə biləcəyi alternativ planı yoxdur. Bundan başqa, 17 klubun futbolçularına maaş ödənilməsə belə, digər əməliyyat xərclərini qarşılaya bilməyəcəyi vurğulanıb.
Futbolun müstəqil tənzimləyicisi olan IFR-in rəhbəri Devid Koqan "BBC Sport"-a açıqlamasında bəzi klubların cəmi 30 günlük maliyyə ehtiyatı ilə fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, klub sahibinin ayın sonunda maliyyə dəstəyini dayandırması həmin komandaların fəaliyyətini dayandırmasına səbəb ola bilər.
Hesabatda İngiltərə Premyer Liqasının iqtisadi uğurlarına baxmayaraq, liqalar arasında və eyni liqada çıxış edən klublar arasındakı maliyyə fərqlərinin artdığı da qeyd olunub. Tənzimləyici qurum futbol sisteminin maliyyə əsaslarının ciddi təzyiq altında olduğunu bildirərək, problemlərin aradan qaldırılması üçün təcili islahatlara ehtiyac olduğunu vurğulayıb.
Fatimə Salmanlı
