Seneqalda keçiriləcək Dakar 2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları çərçivəsində çimərlik voleybolu yarışlarının püşkatma mərasimi baş tutub. Püşkün nəticələrinə əsasən, 31 oktyabr – 4 noyabr tarixlərində medal uğrunda mübarizə aparacaq 48 komandanın qrupları bəlli olub.

Çimərlik voleybolu üzrə gənc idmançı
24media.az “Volleyball World”-ə istinadən xəbər verir ki, yarışlarda həm kişi, həm də qadın kateqoriyalarının hər birində 24 komanda yer alıb. Komandalar hər birində 4 kollektiv olmaqla 6 qrupa (A–F) bölünüblər. Kişilərin turnirində Almaniya, qadınların mübarizəsində isə Çin birinci sırada yer alaraq öz qruplarına başçılıq edirlər. Meydan sahibi Seneqal təmsilçiləri isə hər iki kateqoriyada 6-cı sırada qərarlaşıblar.
Qrup mərhələsi 31 oktyabr və 1 noyabr tarixlərində dairəvi sistem üzrə keçiriləcək. Hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də 3-cü yeri tutan ən yaxşı iki kollektiv birbaşa 1/8 finala vəsiqə qazanacaq. Üçüncü yeri tutan digər 4 komanda isə 2 noyabrda əlavə təsnifat matçında mübarizə aparacaq və qalib iki komanda pley-off mərhələsini tamamlayacaq.
Turnirin 1/8 final oyunları noyabrın 2-də, dörddəbir və yarımfinal qarşılaşmaları 3-də, bürünc və qızıl medal uğrunda həlledici matçlar isə noyabrın 4-də təşkil olunacaq.
Fatimə Salmanlı
