Bu gün:

Amazonda meşələrin qırılması rekord həddə azalıb


Braziliya Amazonunda meşələrin qırılması 1988-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu nəticə oktyabrın 25-də keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silvanın ekoloji siyasətinin uğuru kimi qiymətləndirilir.

24media.az The Guardian-a istinadən xəbər verir ki, yeni göstəricilərə baxmayaraq, meşələrin qorunması sahəsində əldə olunan nəticələrin davamlılığı sual altındadır. Seçkilərin ikinci turunda tropik meşələrin gələcəyi və ABŞ ilə münasibətlərə yanaşmaları kəskin fərqlənən iki namizəd mübarizə aparacaq.

Hazırkı prezident Luiz İnasio Lula da Silva Amazon meşələrinin məhv edilməsini azaltmaqla yanaşı, yoxsulluğun və ərzaq çatışmazlığının azaldılması istiqamətində də nəticələr əldə edib. Lakin o, seçkilərin birinci turunda rəqibindən geri qalıb. Onun rəqibi keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonarodur.

Meşələrin qırılmasını ölçən ən dəqiq sistemlərdən biri hesab olunan Prodes peyk monitorinqi sisteminin məlumatlarına əsasən, son bir il ərzində Braziliya Amazonunda meşə örtüyünün məhv edilməsi 41,8 faiz azalaraq 3335 kvadratkilometr təşkil edib. Bu, 1988-ci ildə müntəzəm müşahidələrə başlanıldıqdan bəri qeydə alınan ən aşağı göstəricidir.

Yeni göstərici əvvəlki rekord minimumdan 1236 kvadratkilometr azdır. Bu fərq təxminən Rio-de-Janeyro şəhərinin ərazisinə bərabərdir.

Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et