Bu gün:

İstanbulda sel zərərçəkənlərinə maddi yardım göstərilib


İstanbul valisi Davut Gül sel fəlakətindən zərər çəkən 5 mindən çox şəxsin bank hesabına 10 min türk lirəsi məbləğində təcili maddi yardım köçürüldüyünü bildirib.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, selin baş verdiyi ərazilərdə suyun çəkilməsi işləri əsasən başa çatıb. Hazırda çay yataqlarında qanunsuz tikilmiş obyektlərin sökülməsinə başlanılıb. 

Vali Davut Gül bildirib ki, torpağın suya doyması səbəbindən bəzi ərazilərdə torpaq sürüşməsi və binaların təhlükəsizliyi ilə bağlı risklər mövcuddur. O, təhlükəli hesab edilən binalarda yaşayan sakinlərin təhlükəsiz ərazilərə köçürüldüyünü, ehtiyac yarandığı halda onların müvəqqəti yerləşdirilməsinin təmin ediləcəyini qeyd edib.

Gülün sözlərinə görə, Ailə və Sosial Xidmətlər Nazirliyinin ayırdığı vəsait hesabına 5 mindən çox zərərçəkənin bank hesabına 10 min türk lirəsi köçürülüb. O vurğulayıb ki, bu vəsait dəymiş ziyanın ödənilməsi üçün nəzərdə tutulmayıb, sel fəlakəti zamanı yaranan təcili ehtiyacların qarşılanmasına yönəldilib.

Vali əlavə edib ki, dəymiş ziyanın müəyyənləşdirilməsi işləri başa çatdıqdan sonra zərərçəkənlərə ödəniləcək kompensasiyaların bazar ertəsi günü onların bank hesablarına köçürülməsi planlaşdırılıb. Bildirilib ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), jandarma, yanğınsöndürmə xidmətləri və digər aidiyyəti qurumlar ərazidə xilasetmə və bərpa işlərini davam etdirirlər. Rəsmilər görülən tədbirlər nəticəsində ərazidə həyatın qısa müddətdə normal vəziyyətə qayıdacağını gözləyirlər.

Fidan Mənsimova

Paylaş
Şərh əlavə et