ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətlərin gərginləşməsi Vaşinqtonun Ukraynaya göstərdiyi mühüm dəstəklə bağlı narahatlıqları artırıb. ABŞ-nin Ukraynanın hərbi əməliyyatlarına münasibəti, Rusiyanın enerji sektoruna qarşı tətbiq edilən sanksiyalarla bağlı qərarlar və hərbi texnologiyaların istifadəsində yaranan problemlər iki ölkə arasındakı fikir ayrılıqlarını daha da dərinləşdirib.

24media.az Reuters-ə istinadən xəbər verir ki, Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələrini enerji qiymətlərinin artmasına səbəb olan amillərdən biri kimi qiymətləndirərək Zelenskini tənqid edib. Bununla yanaşı, ABŞ administrasiyasının Rusiyaya qarşı bəzi sanksiyaların tətbiqini dayandırmaq qərarı Kiyevin narazılığına səbəb olub. Zelenski bu addımın Rusiyanın Ukraynaya qarşı hücumlarını davam etdirməsinə şərait yarada biləcəyini bildirib.
Münasibətlərin pisləşməsi ABŞ-nin Ukraynaya silah tədarükünü məhdudlaşdırması və kəşfiyyat məlumatlarının paylaşılmasını azaltması ehtimalı ilə bağlı narahatlıqları gücləndirib. Bu cür addımlar Ukraynanın, xüsusilə enerji infrastrukturuna qarşı mümkün hücumların qarşısının alınmasında müdafiə imkanlarını zəiflədə bilər.
Bununla belə, Ukrayna tərəfi ABŞ nümayəndələri ilə dialoqu davam etdirmək niyyətində olduğunu bildirib. Mövcud vəziyyətin gələcəkdə Ukraynaya hərbi yardımın həcminə, Rusiya ilə münasibətlərə və müharibənin dayandırılması istiqamətində aparılan diplomatik səylərə təsir göstərə biləcəyi ehtimal olunur.
Emiliya Vəlicanova
