Bu gün:

Fransada etirazlar şiddətlənir


Fransa Prezidenti Emmanuel Makron ölkə daxilində tüğyan edən iğtişaşlarla bağlı xalqa müraciət edərək "sakitlik və nizam-intizam" çağırışı edib. Yelisey sarayından yayımlanan televiziya çıxışında dövlət başçısı şənbə günü keçirilən kütləvi etirazların qarət və iğtişaşlara çevrilməsindən sonra "hamının qəzəb və utanc hiss etdiyini" bildirib.

Fransa Prezidenti Emmanuel Makron Parisdəki Yelisey Sarayında ölkədə yaşanan kütləvi etirazlar və iğtişaşlarla bağlı nazirlərarası təcili böhran iclasına rəhbərlik edərkən.

24media.az BBC.com-a istinadən xəbər verir ki, 550 minə yaxın etirazçı yanacağın bahalaşması, yaşayış xərclərinin artması, eləcə də məktəblər daxil olmaqla dövlət xidmətlərinin pisləşməsinə qarşı küçələrə axışıb. Prezident Makron dinc nümayişçilərin "qanuni tələbləri" ilə əmlakı dağıdan, sındıran və yağmalayan şəxslər arasında aydın sərhəd qoyulmalı olduğunu vurğulayıb. Hüquq-mühafizə orqanları tərəfindən artıq 2400-dən çox şəxs saxlanılıb.

Həmçinin qeyd olunub ki, Paris, Marsel, Lill və digər şəhərlərdə mülkiyyətin qarəti və binaların zədələnməsi halları qeydə alınıb. Makron zorakılığa heç bir bəraətin olmadığını və iğtişaş törədənlərin ədalət məhkəməsi qarşısında cavab verəcəklərini bəyan edib. Şənbə günü baş verən toqquşmalarda 1 000-ə yaxın polis əməkdaşının xəsarət aldığı, onlardan 7-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Ölkə rəhbərliyi yerli idarəetmə orqanları və merlərin obyektləri qorumaq üçün birgə addımlar atacağını, polis müdaxiləsinin isə tam şəffaf şəkildə həyata keçiriləcəyini diqqətə çatdırıb. Həftəsonu asayişi bərpa etmək məqsədilə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə olunub.

Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et