Bu gün:

Fransada etiraz aksiyaları iğtişaşlara çevrilib: yüzlərlə obyektə ziyan dəyib


Fransada bahalaşma, yanacağın qiymətinin artması və dövlət xidmətlərinin vəziyyətinə etiraz olaraq keçirilən nümayişlər iğtişaşlarla nəticələnib. Paytaxt Paris də daxil olmaqla, ölkənin bir sıra şəhərlərində avtomobillər yandırılıb, mağazalar qarət edilib, binalara və tarixi tikililərə ciddi ziyan dəyib.

Bazar günü səhər saatlarında paytaxtda dağıdılmış restoranın interyeri, BBC

24media.az BBC-yə istinadən xəbər verir ki, şənbə günü keçirilən etiraz aksiyalarında təxminən 550 min nəfər iştirak edib. Nümayişlərin əksəriyyəti dinc xarakter daşısa da, bəzi qrupların zorakılıq hərəkətləri törətməsi ilə vəziyyət gərginləşib. Polis təxminən 1 800 nəfəri saxlayıb.

Parisdə etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar baş verib. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Şəhərin müxtəlif ərazilərində avtomobillər yandırılıb, mağazaların vitrinləri sındırılıb. Zərərçəkən obyektlər arasında “Ralph Lauren”, “Gucci” və “Versace” kimi tanınmış brendlərin mağazaları da var.

Marseldə bir qrup şəxs şəhər meriyasının binasına daxil olub. Lill şəhərində isə “McDonald's” restoranı yandırılıb, “Apple” mağazası qarət edilib. Fransanın digər şəhərlərində də yanğınlar və dağıntılar qeydə alınıb.

Fransanın Baş naziri Sebastyan Lekornünün sözlərinə görə, baş verən hadisələr zamanı 150 polis əməkdaşı xəsarət alıb.

İğtişaşlardan sonra Parisdə mağaza sahibləri və kommunal xidmətlərin əməkdaşları küçələrdəki şüşə qırıqlarını və digər tullantıları təmizləməyə başlayıblar. Bir sıra mağazaların divarlarına “Varlıları vergiyə cəlb edin” və “Varlıları yeyin” kimi şüarlar yazılıb.

BBC-nin məlumatına görə, Parisdə Respublika meydanının yaxınlığında yerləşən geyim mağazalarından biri qarət edilib. Mağazanın sahibi təhlükəsizlik kameralarının görüntülərində qarətçilərin təxminən bir saat yarım ərzində obyektə daxil olub əşyaları apardığını gördüyünü bildirib. O, həmin müddətdə polis əməkdaşlarının müdaxiləsini müşahidə etmədiyini deyib.

Etirazların əsas səbəbləri arasında yanacağın bahalaşması, yaşayış xərclərinin artması və dövlət xidmətlərinin, xüsusilə təhsil sisteminin vəziyyəti göstərilir. Tələbələr məktəblərdə müəllim və işçi çatışmazlığına, siniflərin həddindən artıq dolu olmasına və təhsil müəssisələrinin yararsız vəziyyətinə etiraz edirlər.

Lion şəhərində turizm ofisinin binasının yandırılması da ciddi narahatlıq yaradıb. Şəhərin meri Qreqori Duse hadisəni faciə adlandırıb. Limoges şəhərində isə meriya binasında baş verən yanğın nəticəsində tikilinin bir hissəsi çöküb. Yerli rəsmilər binanın böyük ölçüdə yararsız vəziyyətə düşdüyünü bildiriblər.

Bundan başqa, Sen-Etyen şəhərində baş verən partlayış nəticəsində bir gəncin əlinin qopduğu açıqlanıb.

Fransanın Daxili İşlər Nazirliyi ölkənin müxtəlif şəhərlərində qeydə alınan hadisələr zamanı bəzi qrupların məqsədyönlü zorakılıq aktları törətdiyini bildirib. Qrenobl, Avinyon, Po, Monpelye və Valans şəhərlərində də binalara və digər obyektlərə ziyan dəydiyi barədə məlumat verilib. 

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et