Bu gün:

Şimali Koreya ilə Çin arasında yeni körpü açılıb


Seul — Dünyadan demək olar ki, tam təcrid olunmuş Şimali Koreyanın xarici dünya ilə əlaqəsini təmin edən yeni körpüsü var.

2026-cı il oktyabrın 15-də, açılış günü Şimali Koreya bayraqları ilə bəzədilmiş nəqliyyat vasitələri Çinlə Şimali Koreyanı birləşdirən Yeni Yalu çayı körpüsü ilə Çinə doğru hərəkət edir.


24media.az CNN.news-a istinadən bildirir ki, ölkənin yaxın müttəfiqi və əsas ticarət tərəfdaşı olan Çinə aparan dörd zolaqlı avtomobil yoludur. Körpünün cümə axşamı açılması Pekinlə münasibətlərin yaxşılaşmasının növbəti göstəricisidir. Lakin ekspertlər narahatdırlar ki, bu körpü Pxenyana qanunsuz nüvə proqramına görə tətbiq edilən sanksiyalardan yayınmağı da asanlaşdıra bilər.

Təxminən 3,2 kilometr uzunluğunda olan Yeni Yalu çayı körpüsü Çinin sərhəd şəhəri Dandun ilə Şimali Koreyanın Sinuiju şəhərini birləşdirir. Körpünün tikintisi 2014-cü ildə başa çatsa da, Şimali Koreya tərəfində birləşdirici yollar və sərhəd infrastrukturu hazır olmadığı üçün uzun illər istifadəsiz qalıb.

Bu ayın əvvəlində çəkilmiş peyk görüntülərində Dandun və Sinuijunu birləşdirən körpüdə avtomobillərin hərəkət etdiyi görünüb.Bu iki şəhərin ikitərəfli ticarətin təxminən 70 faizini təşkil etdiyi güman edilir. Cümə axşamı keçirilən açılış mərasimində isə milli bayraqlarla bəzədilmiş yük maşınları çayın üzərindən keçib.

Hər iki ölkədə yerləşən və 1937-ci ildə tikilmiş daha köhnə Çin-Koreya Dostluq Körpüsü ənənəvi olaraq iki ölkə arasındakı əsas keçid məntəqəsi olub. Lakin cəmi bir hərəkət zolağına malik olduğu üçün bu körpüdə nəqliyyat eyni vaxtda yalnız bir istiqamətdə hərəkət edə bilir.

Uzun müddət gecikən körpünün açılışı Pekinlə Pxenyan arasında münasibətlərin yaxşılaşdığı dövrə təsadüf edir. Bu prosesə mart ayında dəmir yolu əlaqəsinin bərpası və Çin lideri Si Cinpinin iyun ayında Şimali Koreya lideri Kim Çen Inla sammitdə iştirak etmək üçün Pxenyana səfəri də daxildir.

Analitiklərin fikrincə, bu sammit son illərdə iki kommunist dövlət arasında yaranmış məsafədən sonra münasibətlərin yenidən bərpa olunmasına işarə edib. Şimali Koreyanın Rusiya ilə yaxınlaşması isə həmin dövrdə Çinlə münasibətlərinin zəifləməsinə səbəb olub.

Cənubi Koreyanın Kyungnam Universitetində Şimali Koreya üzrə araşdırmalar aparan professor Lim Eul-çul CNN-ə bildirib ki, körpü Çin və Şimali Koreyaya münasibətlərinin bərpa olunduğunu və strateji baxımdan eyni mövqedə dayandıqlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirmək imkanı verir.

Çin hələ də Şimali Koreyanın rəsmi ticarət dövriyyəsinin təxminən 95 faizini təşkil edir. Associated Press-in məlumatına görə, Cənubi Koreya hökuməti Çinlə Şimali Koreyanı birləşdirən 17 dəmir yolu və avtomobil yolu əlaqəsinin olduğunu bildirib.

Ötən ay Şimali Koreya Rusiya ilə birləşdirən ilk avtomobil körpüsünün açılışını da edib.

Körpünün açılışından əvvəl Çinin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu körpü “iki ölkə arasında iqtisadi və ticarət əlaqələrini, eləcə də xalqlararası mübadiləni daha da inkişaf etdirəcək və onların xalqlarının rifahını artıracaq”.

Lakin bəzi analitiklər narahatdırlar ki, körpü eyni zamanda dünyanın ən çox sanksiya tətbiq edilən ölkəsinə xammal və digər məhsulların ixracına qoyulan qadağalardan yayınmağa kömək edə bilər.

Kyungnam Universitetinin professoru Lim bildirib ki, Şimali Koreya bu keçiddən BMT sanksiyalarından yayınmaq üçün hökumətin nəzarətində olan giriş-çıxış məntəqəsi kimi istifadə edə bilər.

Seuldakı Şimali Koreya Araşdırmaları Universitetinin professoru Yang Mu-jin isə Çinin bu prosesə nə dərəcədə dəstək verəcəyinin qismən ABŞ ilə münasibətlərdən asılı olduğunu bildirib.

Yang deyib: “Vaşinqtonla Pekin arasında münasibətlər gərginləşdikcə, Çin sanksiyaların tətbiqinə daha passiv yanaşmağa meyil göstərib”.

Banuçiçək Qurbanova 


Paylaş
Şərh əlavə et