Albaniyanın Baş naziri Edi Rama paytaxt Tiranada üç gündür davam edən hökumət əleyhinə etirazlar və toqquşmalar fonunda istefa verməyəcəyini bildirib. Nümayişçilər baş nazirin vəzifəsindən getməsini tələb edirlər.

24Media.az The Guardian-a istinadən xəbər verir ki, Albaniyada ABŞ Prezidenti Donald Trampın ailəsinin dəstəklədiyi kurort layihəsinin inşası ilə bağlı təklifdən sonra başlayan etirazlar zorakılığa çevrilib. Albaniyanın paytaxtı Tiranada üç gündür davam edən nümayişlər zamanı etirazçılarla polis arasında toqquşmalar baş verib.
İyundan bəri davam edən hökumət əleyhinə nümayişlərdə tələbələr bu həftə daha fəal rol oynamağa başlayıblar. Onlar Baş nazir Edi Ramanın istefasını tələb edirlər.
Rama cümə axşamı “Reuters” agentliyinə açıqlamasında hakimiyyət dəyişikliyinin demokratik seçkilər yolu ilə həyata keçirilməli olduğunu vurğulayıb.
“Hökumətlər demokratik seçkilər yolu ilə dəyişdirilir. Ötən il seçkilər keçirmişik, inqilab yox”, — deyə o bildirib.
Baş nazirin açıqlamasından bir neçə saat sonra Təhsil Nazirliyinin binası qarşısında növbəti toqquşmalar baş verib. Daş atan gənclərə qarşı polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Edi Rama əsaslı narahatlıqları dinləməyin, onları aradan qaldırmağın və Albaniyanın inkişafını davam etdirməyin onun məsuliyyəti olduğunu bildirib.
O, istefanın Albaniyanın Avropa İttifaqına üzvlük prosesinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
“Bu, Avropa İttifaqına üzvlüklə bağlı danışıqları başa çatdırmaq üçün mənə güclü mandat vermiş albanlara xəyanət olardı. Zorakılığın Albaniyanın Avropa gələcəyinə mane olmasına imkan verməyəcəyəm”, — deyə baş nazir əlavə edib.
Fərid Tapdıqov
