Bu gün:

Nəhəng tısbağaların nəsli kəsilmək təhlükəsindən xilas olur


Seyşel adalarındakı Aldabra mərcan atolunda təxminən 180 min nəhəng tısbağa yaşayır. Seyşel Adaları Fondu və Britaniyanın Ekseter Universitetinin beş il davam edən araşdırmanın nəticələri açıqlanıb.

Foto: ixbt

24Media.az meduza.io-ya istinadən xəbər verir ki, Aldabra bu tısbağaların vəhşi təbiətdə yaşadığı yeganə yerdir. Seyşel adalarında nəhəng tısbağaların sayı insanların sayından da çoxdur. Ölkənin əhalisi təxminən 97,6 min nəfərdir. Tısbağalar əsasən sahəsi 155 kvadratkilometr olan, insanların yaşamadığı atolda yaşayırlar. Adada elmi tədqiqat stansiyası da fəaliyyət göstərir.

XIX əsrdə avropalı dənizçilər bu tısbağaların böyük hissəsini məhv ediblər. Nəticədə adada onların sayı min fərddən də az qalıb. Lakin alimlərin və təbiəti mühafizə təşkilatlarının uzun illər davam edən səyləri nəticəsində tısbağaların sayı yenidən artıb. 1981-ci ildə Aldabra qoruq elan edilib, 1982-ci ildə isə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Son vaxtlara qədər adadakı nəhəng tısbağaların sayının təxminən 100 min olduğu düşünülürdü. Bu rəqəm 1990-cı illərin sonunda aparılan hesablamalara əsaslanırdı. Yeni araşdırma isə adada təxminən 180 min tısbağanın yaşadığını göstərib. Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Bununla belə, alimlər bildirirlər ki, bu nəticə tısbağaların sayının son onilliklərdə mütləq iki dəfə artdığı demək deyil. Əvvəlki hesablamalar zamanı bəzi tısbağalar sıx bitki örtüyündə və kölgədə gizləndikləri üçün qeydə alınmamış ola bilər. Buna baxmayaraq, tədqiqatın müəllifləri tısbağaların sayının həqiqətən artdığını düşünürlər.

Növün qorunması istiqamətində əldə olunan uğurlara baxmayaraq, nəhəng tısbağalar hələ də ciddi təhlükələrlə üzləşirlər. Bu təhlükələrdən biri adaya kənardan gətirilmiş heyvanlardır. Vəhşiləşmiş pişiklər və siçovullar tısbağaların yumurtaları və balaları ilə qidalanırlar. Daha əvvəl adada tısbağaların qidalandığı bitkiləri məhv edən vəhşiləşmiş keçilər də adadan uzaqlaşdırılıb.

Digər ciddi təhlükə isə iqlim dəyişikliyidir. Alimlərin proqnozlarına görə, adada quraqlıqlar daha tez-tez baş verə və uzun müddət davam edə bilər. Bu isə tısbağalar üçün qida və kölgə mənbələrini azaldacaq. Bundan əlavə, dəniz səviyyəsinin yüksəlməsi atoldakı alçaq ərazilərin su altında qalmasına səbəb ola bilər.

Alimlər ümid edirlər ki, yeni araşdırmanın nəticələri təbiəti mühafizə mütəxəssislərinə vaxtında tədbirlər görməyə, nəhəng tısbağaların populyasiyasını gələcəkdə də qorumağa kömək edəcək.

Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et