Halk TV-nin sahibi Cafər Mahiroğlu barəsində şübhəli və külli miqdarda pul köçürmələrinin aşkar edilməsi ilə əlaqədar istintaq başladılıb. Barəsində saxlanılma qərarı verilən 17 nəfərdən 11-i saxlanılıb. Mahiroğluna məxsus şirkətlərə Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun (TMSF) nümayəndələri təyin edilib.
24media.az TRT Haberə istinadən bildirir ki, İstanbul Respublika Baş Prokurorluğunun yaydığı açıqlamada qeyd olunub ki, Baş Prokurorluğun koordinasiyası ilə İstanbul İl Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən şübhəli Cafer Mahiroğlu barəsində “rüşvət”, “tenderə müdaxilə edərək saxtakarlıq” və “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamları üzrə istintaq aparılır. İstintaq çərçivəsində Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) təqdim etdiyi məlumatlar, gizli şahid ifadələri, şübhəlilərin ifadələri, eləcə də iş materiallarında yer alan digər məlumat və sənədlər birlikdə qiymətləndirilib.
Açıqlamada bildirilib ki, aparılan araşdırmalar zamanı şübhəli Mahiroğlunun İzmir Böyükşəhər Bələdiyyəsindəki əlaqələrindən istifadə edərək Bustech Araç Bakım Onarım Hizmetleri Anonim Şirkətinin yaradılmasını təmin etdiyi müəyyən edilib. Həmçinin Cafer Mahiroğlunun şirkətin idarəçiliyini özü tərəfindən müəyyənləşdirilmiş şəxslərə həvalə etdiyi və bələdiyyə tenderləri çərçivəsində həyata keçirilən əməliyyatlar vasitəsilə qanunsuz mənfəət əldə edildiyinə dair dəlillərin aşkarlandığı qeyd olunub.
Açıqlamada iş materiallarındakı ifadə və qeydlərə əsasən, tender prosesləri ilə əlaqədar 14 milyon 464 min türk lirəsi məbləğində qeydə alınmamış rüşvət ödənişinin həyata keçirildiyi, müvafiq şirkət vasitəsilə əldə olunan sifarişlər üzrə tender məbləğlərindən xeyli yüksək qiymətlərlə ödənişlərin edildiyi və əldə olunan gəlirlərin şübhəliyə məxsus olduğu və ya onunla əlaqəli olduğu ehtimal edilən şirkətlərə köçürüldüyünün müəyyən edildiyi bildirilib.
Tərcümə etdi: Fəqan Nurullazadə
