Bu gün:

“Şimal axını”na hücum: Ukraynalı hərbçi məhkəmə qarşısında


Almaniyanın Hamburq şəhərində 2022-ci ildə “Şimal axını” qaz kəmərlərində törədilmiş partlayışlarda iştirakda ittiham olunan ukraynalı xüsusi təyinatlı zabitin məhkəmə prosesi başlayıb. Sergey Kuznetsov ittihamları rədd edib.

24media.az Guardian-a istinadən xəbər verir ki, Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinin zabiti Sergey Kuznetsov müharibədən sonrakı Avropa tarixinin ən böyük təxribatlarından biri hesab olunan hücumda iştirakda ittiham edilir. Söhbət 2022-ci ildə Rusiya ilə Almaniyanı birləşdirən “Şimal axını” qaz kəmərlərinin partladılmasından gedir.

Prokurorluğun məlumatına görə, Kuznetsov mülki infrastruktura hücumla əlaqədar müharibə cinayətlərində iştirakda, partlayış törətməkdə, əmlaka zərər vurmaqda və ictimai xidmətlərin fəaliyyətini pozmaqda ittiham olunur.

Almaniyanın məxfilik qanunlarına əsasən, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs Sergey K. kimi təqdim ediləcək. Bununla belə, onun tam adı ekstradisiya qərarında göstərilib.

İttihama əsasən, Kuznetsov Danimarkanın Bornholm adası yaxınlığında, Baltik dənizinin təxminən 80 metr dərinliyində azı dörd partlayıcı qurğunun hazırlanmasında və işə salınmasında iştirak edib. Hər bir qurğunun çəkisinin 27 kiloqrama çatdığı bildirilir.

İstintaqın versiyasına görə, əməliyyatda Kuznetsovla yanaşı daha altı nəfər iştirak edib. Onların arasında dörd dərinlik dalğıcı, partlayıcı maddələr üzrə mütəxəssis və gəmi kapitanı olub. Qrupun icarəyə götürülmüş yaxtadan və taymerlə idarə olunan partlayıcı qurğulardan istifadə etdiyi iddia edilir.

Sergey Kuznetsov və Ukrayna tərəfi hücumla hər hansı əlaqələrinin olduğunu inkar edirlər.

Tərcümə etdi:Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et