“Qalatasaray MCT Technic” Basketbol Çempionlar Liqasında yeni baş məşqçisinin rəhbərliyi altında ilk qələbəsini qazanmaq üçün meydana çıxacaq.

24media.az TRT Spora istinadən bildirir ki,“Qalatasaray MCT Technic” Basketbol Çempionlar Liqasında ilk qələbəsini qazanmağa çalışacaq. İstanbul təmsilçisi B qrupunun ikinci turunda Fransanın “Strasburq” komandasını qəbul edəcək.
Mövsümə Canmarko Potsekkonun rəhbərliyi altında başlayan “Qalatasaray” ötən həftəsonu italiyalı mütəxəssislə yollarını ayırıb. Komandanın yeni baş məşqçisi vəzifəsinə isə gürcüstanlı mütəxəssis Manuçer Markoişvili gətirilib.
Markoişvili “Qalatasaray”ın baş məşqçisi kimi ilk oyununa Türkiyə Basketbol Super Liqasının 4-cü turunda “Beşiktaş”a qarşı çıxıb. Həmin qarşılaşmada İstanbul təmsilçisi 80:83 hesabı ilə məğlub olub.
“Strasburq”la matç Markoişvili üçün komandanın baş məşqçisi kimi Avropa arenasında ilk sınaq olacaq. Gürcüstanlı mütəxəssis həm özü, həm də komandası adına ilk qələbəni qazanmağa çalışacaq.
“Beşiktaş”la oyundan əvvəl transfer edilən KJ Simpson da baş məşqçinin qərarından asılı olaraq qarşılaşmada meydana çıxa bilər.
“Qalatasaray” Basketbol Çempionlar Liqasındakı ilk matçında səfərdə Xorvatiyanın “Çibona Zaqreb” komandasına 76:96 hesabı ilə uduzub.
“Strasburq” isə turnirdəki ilk oyununda Polşanın “Legiya Varşava” klubunu böyük hesabla məğlub edib. Fransa təmsilçisi rəqibini 100:62 hesabı ilə üstələyib.
“Qalatasaray MCT Technic” – “Strasburq” qarşılaşması saat 20:00-da başlayacaq. İstanbulda yerləşən Turkcell Basketbol İnkişaf Mərkəzində keçiriləcək görüş TRT SPOR Ulduz kanalında canlı yayımlanacaq.
Fəqan Nurullazadə
