Bu gün:

Mingəçevir Dövlət Universitetində “GreenAI” Günəş Enerji Laboratoriyası açılıb


Mingəçevir Dövlət Universitetində (MDU) “GreenAI” Günəş Enerji Laboratoriyası istifadəyə verilib.

24media.az xəbər verir ki, laboratoriyanın açılışı oktyabrın 20-də – Energetiklər Günündə keçirilib. Mərasimdə universitetin rektoru Anar Eminov, professor-müəllim heyətinin nümayəndələri, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialının rəisi Səbuhi Mürsəlov, filialın enerji müfəttişi Qabil Vəliyev və “Azərenerji” ASC-nin tabeliyində olan Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktor müavini Əhəd Quliyev iştirak ediblər.

Açılış mərasimində çıxış edən rektor Anar Eminov laboratoriyanın mühəndislik təhsilində praktiki hazırlığın gücləndirilməsi və bərpa olunan enerji sahəsində tədqiqatların aparılması üçün nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, Mingəçevirdə belə bir laboratoriyanın yaradılması enerji sektoruna uyğun mütəxəssislərin hazırlanmasına və yaşıl texnologiyaların tətbiqinə yönəlib.

Bildirilib ki, laboratoriyada günəş enerjisi sistemlərinin layihələndirilməsi və modelləşdirilməsi, enerji səmərəliliyinin təhlili, eləcə də texniki-iqtisadi göstəricilərin qiymətləndirilməsi üzrə tədris və tədqiqat işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə SAM (System Advisor Model), PVsyst və digər proqram təminatlarından istifadə nəzərdə tutulur. Həmçinin süni intellekt və rəqəmsal texnologiyaların bərpa olunan enerji sistemlərinə inteqrasiyası istiqamətində fəaliyyət həyata keçiriləcək.

Laboratoriyanın yaradılmasında Türkiyənin Orta Doğu Teknik Universitetinin (ODTÜ) Günəş Enerjisi Araşdırma və Tətbiq Mərkəzinin (GÜNAM) elmi təcrübəsindən və beynəlxalq əməkdaşlıq imkanlarından yararlanılıb.

Tədbir iştirakçıları laboratoriyanın imkanları ilə tanış olublar. Mərasimdə təhsil, elm və sənaye nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti də qeyd edilib.

Qeyd edək ki, laboratoriyanın yaradılması Mingəçevir Dövlət Universitetinin 2030-cu ilədək Strateji İnkişaf Planı və “Green Campus 2030” konsepsiyası çərçivəsində həyata keçirilən təşəbbüslər sırasındadır.

Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et