Şotlandiyanın "Seltik" klubunun hücumçusu Jota uzun sürən zədədən sonra yenidən yaşıl meydanlara qayıtması və bu müddətdə yaşadığı çətinliklər haqqında səmimi açıqlamalar verib. 27 yaşlı portuqaliyalı vinger tam idman formasını bərpa etmək üçün tələsmək istəmədiyini bildirib.
"Seltik"in portuqaliyalı hücumçusu Jota zədədən sonra yaşıl meydanlara qayıtdığı oyundan bir epizod
24media.az BBC.com-a istinadən xəbər verir ki, 2025-ci ilin aprelində çarpaz bağlarından ağır zədə alan futbolçu ilk dəfə ölkə çempionatında "Mazeruell"ə 2:0 hesabı ilə məğlub etdikləri oyunda meydana çıxıb. O, son olaraq "Seltik"in evdə "Hearts"ı 7:1 hesabı ilə darmadağın etdiyi qarşılaşmada da sonradan oyuna daxil olub.
Təcrübəli hücumçu yaşadığı bu çətin sınağın onun xarakterini daha da möhkəmləndirdiyini vurğulayıb. "Bu müddətdə daxilimdəki qorxular və çətinliklərimlə üzləşdim. Amma prosesdən nəticə çıxarmağı bacardım. Artıq baş verənlərə fərqli bucaqdan baxa bilirəm və indikindən daha güclüyəm" – deyə Jota qeyd edib.
"Seltik"in Avropa Liqası iştirak ərizəsində yer almadığı üçün Jotanın yaxın vaxtlarda yalnız daxili yarışlarda forma geyinəcəyi bildirilir. Futbolçu isə bu imkanları yüksək qiymətləndirdiyini və futbol sevgisinin ona hər gün yenidən çalışmaq üçün güc verdiyini ifadə edib.
Bərpa prosesinin mərhələli şəkildə getməli olduğunu deyən portuqaliyalı oyunçu, qarşıda hələ uzun bir karyerasının olduğunu və prosesə tam güvəndiyini əlavə edib.
Fatimə Salmanlı
