Latın Amerikası cinayətkar şəbəkələri Avropanın ən azı 12 ölkəsində fəaliyyət göstərir. Son 10 ildə qitədə müsadirə olunan kokainin miqdarı 471 faiz artıb.

24media.az “The Guardian”qəzetinə istinadən xəbər verir ki, Avropaya kokain qaçaqmalçılığının artmasının Latın Amerikası cinayətkar şəbəkələrinin qitədə möhkəmlənməsi və yerli mafiya təşkilatları ilə sıx əlaqələr qurması araşdırma ilə birbaşa bağlı olduğunu üzə çıxarıb.
Məlumat bazalarının, polis və kəşfiyyat orqanlarının informasıiyalarının təhlili, eləcə də səkkiz ölkədən hakimlər, prokurorlar və ekspertlərlə aparılan müsahibələr əsasında hazırlanan araşdırmaya görə, Kolumbiya, Braziliya, Ekvador, Venesuela, Meksika və ABŞ mənşəli kartellər və cinayətkar qruplaşmalar Avropanın ən azı 12 ölkəsində fəaliyyət göstərir.
2014–2024-cü illərdə Avropada müsadirə olunan kokainin miqdarı 471 faiz artıb. Bununla yanaşı, kokain törəmələrinin emalı ilə məşğul olan daha çox yerli laboratoriya aşkar edilərək ləğv edilib.
Araşdırmada qeyd olunub ki, cinayətkar şəbəkələrin əhatə dairəsi daha geniş ola bilər. Hesablamalara yalnız polis əməliyyatları, transmilli istintaqlar və davam edən məhkəmə işləri vasitəsilə Avropada mövcudluğu rəsmən müəyyənləşdirilmiş qruplar daxil edilib. Bunlara vasitəçilər, fəal üzvlər, cinayətkar hüceyrələr və əməliyyat şəbəkələri aiddir. Avropada fiziki mövcudluğu olmadan yerli mafiya təşkilatları ilə birgə fəaliyyət göstərən qruplar isə nəzərə alınmayıb.
Müəyyənləşdirilmiş təşkilatlar arasında Meksikanın Sinaloa karteli və Xalisko Yeni Nəsil karteli, Kolumbiyanın Qolfo klanı, Milli Azadlıq Ordusu və Kolumbiya İnqilabi Silahlı Qüvvələrindən ayrılmış qruplaşmalar var.
Siyahıya, həmçinin Braziliyanın Birinci Paytaxt Komandanlığı və Qırmızı Komandanlığı, Venesuelanın “Araqua qatarı” adlı cinayətkar təşkilatı, eləcə də ABŞ mənşəli “Barrio 18” və “MS-13” dəstələri daxildir. Bu iki təşkilat Salvadorda, Hondurasda və Qvatemalada da geniş yayılıb, Meksikada isə nisbətən az fəaliyyət göstərir.
Araşdırmaya əsasən, Latın Amerikası cinayətkar təşkilatları İspaniya, Portuqaliya, Niderland, Belçika və Fransada daha güclü mövcudluq əldə ediblər. Onların fəaliyyəti Almaniya, Rumıniya, Xorvatiya və Slovakiyada da qeydə alınıb.
Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs Bolqarıstanı da bu ölkələrin siyahısına daxil edib.
Fərid Tapdıqov
