Bu gün:

Keniyada təriqət lideri qətldə təqsirli bilinib


Keniyada dini təriqət lideri Pol Makkenzi və daha 30-a yaxın şəxs 190 uşağın və bir yetkin şəxsin qətli ilə bağlı təqsirli bilinib.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Keniyada məhkəmə dini təriqət lideri Pol Makkenzini və onunla birlikdə mühakimə olunan daha 30-a yaxın şəxsi kütləvi ölümlərlə nəticələnən hadisə ilə bağlı qətldə təqsirli bilib.

Pol Makkenzi 2023-cü ildə polisə daxil olan məlumat əsasında saxlanılıb. Bir neçə həftə sonra hüquq-mühafizə orqanları ölkənin cənub-şərqində, sahilyanı ərazidə yerləşən Şakahola meşəsində dayaz qəbirlərdə basdırılmış cəsədləri aşkar etməyə başlayıblar.

Prokurorluğun məlumatına görə, Makkenzi rəhbərlik etdiyi “Beynəlxalq Xoş Xəbər” kilsəsi vasitəsilə dünyanın sonunun yaxınlaşdığını və cənnətə qovuşmaq üçün aclıqdan ölməyin vacib olduğunu təbliğ edib. Təriqət üzvlərinə həm özlərini, həm də uşaqlarını aclıqdan ölümə məhkum etmək tapşırılıb.

Makkenzi qətl ittihamlarını rədd edərək qurbanları aclıq çəkməyə məcbur etmədiyini bildirib. Lakin məhkəmə onun müdafiə arqumentini qəbul etməyib.

İndiyədək Şakahola meşəsindən 400-dən çox cəsəd çıxarılıb. Cəsədlərin əksəriyyəti ciddi şəkildə çürüdüyündən yalnız 26 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Bazar ertəsi elan edilən hökm 191 nəfərin ölümü ilə bağlı işə aid olub. Digər ölüm halları ilə əlaqədar araşdırmalar davam etdirilir.

Səkkiz saatdan çox davam edən məhkəmə iclasında hakim Diana Kavedza Moçaşe bəzi hallarda uşaqların təcrid edildiyini və valideynlərinin gözü qarşısında onlara yemək verilmədiyini bildirib.


Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et