Bu gün:

Avstraliyada deputatı avtomobillə vurmaqda şübhəli bilinən şəxsə ittiham irəli sürülüb


Avstraliyanın Viktoriya ştatında deputat Helen Hainesin avtomobillə vurulması ilə bağlı 43 yaşlı şəxsə ittiham irəli sürülüb. Hadisə nəticəsində ağır xəsarət alan deputat xəstəxanaya yerləşdirilib.

Hücumdan sonra Vanqaratta sakinləri şok içindədir, BBC

24media.az BBC-yə istinadən xəbər verir ki, şübhəli şəxs çərşənbə günü məhkəmə qarşısına çıxarılacaq. Ona ehtiyatsız avtomobil idarə etmə nəticəsində ağır xəsarət yetirmə, qəsdən ağır xəsarət yetirmə və dövlət vəzifəli şəxsinə zərər vurma ittihamları irəli sürülüb.

Yerli medianın məlumatına görə, hücumda şübhəli bilinən şəxs ekoloji fəal Brendan Nugentdir. Onun atası Rod Nugent və atasının partnyoru Kristin Kanninqem deputatla 20 ildən artıqdır dost olduqlarını bildiriblər. Onlar hadisəni dəhşətli cinayət adlandıraraq Helen Hainesə kömək edən sakinlərə və polis əməkdaşlarına təşəkkür ediblər.

65 yaşlı Helen Haines bazar ertəsi Viktoriya ştatının Vanqaratta şəhərindəki ofisinin qarşısında avtomobillə vurulub. Məlumatlara görə, sürücü əvvəlcə avtomobili döndərərək deputatı vurub, daha sonra isə geriyə hərəkət edərək onu ikinci dəfə vurub.

Avstraliyanın daxili işlər nazirinin sözlərinə görə, sürücü hücumdan əvvəl avtomobili döndərərək zərbə üçün mövqe tutub. Hadisə zamanı iki avtomobil arasında sıxışıb qalan Haines helikopterlə Melburndakı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

ABC telekanalının məlumatına görə, deputat ayaqlarından birini itirib. Həkimlər onun digər ayağını xilas etmək üçün mübarizə aparırlar. Hainesin vəziyyəti ağır, lakin sabit qiymətləndirilir.

Hadisə zamanı ətrafdakı şəxslər deputata kömək ediblər. Yerli bərbər Riki Ceffris şübhəli şəxsi avtomobildən çıxardığını və onun cibindəki bıçağı götürərək kənara atdığını bildirib.

Viktoriya polisi hücumun məqsədli şəkildə törədildiyini ehtimal edir. Polis əməkdaşlarının bildirdiyinə görə, hadisə barədə məlumat daxil olduqdan cəmi səkkiz saniyə sonra yaxınlıqda olan yol polisi hadisə yerinə çatıb. Hüquq-mühafizə orqanları Vanqarattadan təxminən 60 kilometr məsafədə yerləşən Taravinqi qəsəbəsində də axtarış aparıblar.

Polis hadisənin təcrid olunmuş insident olduğunu və hazırda bununla əlaqəli başqa təhlükələrin müəyyən edilmədiyini açıqlayıb. Bununla belə, Vanqaratta şəhərində təhlükəsizlik tədbirləri davam etdiriləcək.

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et