Rusiya ordusunun Ukrayna limanlarından kənd təsərrüfatı məhsulları daşıyan gəmilərə hücumlarını intensivləşdirməsi fonunda NATO Qara dənizdə əlavə müşahidə vasitələri yerləşdirəcək. Çərşənbə axşamı daha beş yük gəmisi hücuma məruz qalıb.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Rusiya hərbçiləri Ukraynanın Reni limanında üç yük gəmisinə, Odessa istiqamətində hərəkət edən daha iki yük gəmisinə zərbə endirdiklərini bildiriblər.
Ukrayna limanlarından taxıl və digər kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin hədəfə alınması regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Hücumlar Rusiya-Ukrayna müharibəsinin NATO sərhədlərinə yaxınlaşması ilə bağlı təşvişə səbəb olub.
Londonun gəmiçilik sığortası bazarında tətbiq edilən yeni yüksək risk təsnifatı Rumıniya, Bolqarıstan və Türkiyənin ərazi suları istisna olmaqla, Qara dənizin bütün ərazisini əhatə edir.
Mülki dənizçilər arasında ölüm hallarının kəskin artması Qara dəniz marşrutlarını dünyada ən təhlükəli dəniz yollarından birinə çevirib. NATO regionda vəziyyəti izləmək və təhlükəsizliyi gücləndirmək məqsədilə əlavə müşahidə vasitələri yerləşdirəcəyini açıqlayıb.
Fərid Tapdıqov
