Bu gün:

SpaceX və Tesla birləşməni müzakirə etmək üçün komitələr yaradıb


SpaceX və Tesla şirkətlərinin baş direktoru İlon Mask çərşənbə axşamı keçirilən maliyyə nəticələrinə dair müzakirə zamanı iki şirkətin birləşdirilməsini dəstəklədiyini bildirib. Bununla belə, o, yekun qərarın hər iki şirkətin səhmdar komitələrindən asılı olduğunu qeyd edib.

24media.az CNN.newsa istinadən bildirir ki, uzun müddətdir müzakirə olunan birləşmə ilə bağlı suala cavab verən Mask deyib ki, şirkətlərin birləşdirilməsinin bir sıra üstünlükləri var. O, eyni zamanda bu məsələnin həssas olduğunu və diqqətlə yanaşılmalı olduğunu vurğulayıb. Bu açıqlama Maskın şirkətlərin birləşməsi ilə bağlı indiyədək verdiyi ən açıq dəstək kimi qiymətləndirilir. O, iyul ayında SpaceX-in birjada səhmlərini satışa çıxarmasından sonra bu məsələ barədə danışmaqdan çəkinmişdi.


Mask mümkün birləşmə ilə bağlı investorların gözləntilərini də məhdudlaşdırmağa çalışıb. O bildirib ki, maraqların toqquşması səbəbindən müzakirələrdə birbaşa iştirak edə bilməz və qərar səhmdarlar tərəfindən verilməlidir. SpaceX-in səhmləri şirkətin üçüncü rüb üzrə maliyyə nəticələrini açıqlamasından sonra ticarətin son saatlarında təxminən 5 faiz bahalaşıb. Tesla səhmlərinin qiyməti isə 1 faizdən bir qədər çox artıb.


Raketlər, peyk interneti, sosial media və süni intellekt sahələrində fəaliyyət göstərən SpaceX son rübdə 4,4 milyard dollar xalis mənfəət əldə edib. Bununla da şirkət ilin əvvəlində ardıcıl iki rüb qeydə alınan zərərdən sonra yenidən mənfəətə keçib. Şirkətin açıqlamasına görə, gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 161 faiz artaraq 14,6 milyard dollara çatıb. Bu artımda Starlink peyk interneti xidməti və şirkətin “Super Intelligence” adlandırdığı bölmə mühüm rol oynayıb.


FactSet tərəfindən sorğulanan “Wall Street” analitikləri SpaceX-in 12,9 milyard dollar gəlir və 1,57 milyard dollar xalis mənfəət əldə edəcəyini proqnozlaşdırmışdılar. Şirkətin səhm başına mənfəəti isə gözlənilən 14 sent əvəzinə 35 sent olub. Maliyyə nəticələrinə dair müzakirədən bir qədər əvvəl “The Wall Street Journal” qəzeti Maskın hərbi məqsədlər üçün nəzərdə tutulan Starlink xidmətinin fəaliyyətinin məhdudlaşdırılmasını əmr etdiyini yazıb. Nəşrin məlumatına görə, bu qərar Ukrayna rəsmiləri üçün gözlənilməz olub.


Mask müzakirə zamanı qəzetin iddialarına münasibət bildirməyib. CNN isə xəbərin doğruluğunu dərhal təsdiqləyə bilmədiyini qeyd edib. SpaceX də CNN-in şərh sorğusuna dərhal cavab verməyib. Ukrayna ötən həftə SpaceX-i Starlink internet xidmətinə qəfil məhdudiyyətlər tətbiq etməklə ölkənin müdafiəsinə ciddi maneələr yaratmaqda ittiham edib. Ukrayna hərbi və mülki rabitə, eləcə də pilotsuz uçuş aparatlarının hücumlarını həyata keçirmək və onların qarşısını almaq üçün Starlink və onun hərbi versiyası olan Starshield xidmətlərindən istifadə edir.


Mask yaranmış problemlərə görə dəfələrlə Ağ Evi məsul tutsa da, Donald Tramp administrasiyası bu iddiaları rədd edib. Mask X sosial şəbəkəsində Starshield xidmətinin ABŞ hökumətinə məxsus olduğunu və onun idarə edildiyini bildirib. O, xidmətin sürəti və istifadəsi ilə bağlı məhdudiyyətlərin ABŞ ordusu və son nəticədə prezident tərəfindən müəyyənləşdirildiyini vurğulayıb.


Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et