Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanına hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

24media.az TRT Haber saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsinin (GACA) açıqlamasına görə, hadisə oktyabrın 21-də, çərşənbə axşamı axşam saatlarında baş verib. Həyatını itirən şəxsin ölkədə yaşayan xarici vətəndaş olduğu bildirilib.Yaralılar tibbi yardım göstərilməsi üçün dərhal xəstəxanaya yerləşdirilib. Hücum nəticəsində maddi ziyanın yarandığı, hazırda zərərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyi qeyd olunub. Hücumun necə həyata keçirildiyi və kim tərəfindən təşkil olunduğu barədə məlumat verilməyib.Bundan əlavə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası ölkənin şərqində 4 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını və məhv edildiyini açıqlayıb.Koalisiyanın sözçüsü PUA-ların Səudiyyə Ərəbistanının şərq bölgəsində zərərsizləşdirildiyini bildirib.Qeyd edək ki, Yəməndə 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Sənanı və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra vətəndaş müharibəsi başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verib.
Fidan Mənsimova
