Bu gün:

Cənubi Koreyada xilas edilən köpəkbalığı yenidən kanala qayıdır


Cənubi Koreyanın Busan şəhərində kanaldan açıq dənizə yönəldilən məşhur köpəkbalığı yenidən kanala qayıtmağa çalışır. Xilasedicilər onun su yoluna geri dönməsinin qarşısını almaq üçün əlavə tədbirlər görüblər.

Səlahiyyətlilər köpəkbalığını kanaldan çıxarmağa çalışırlar, BBC

24media.az BBC-yə istinadən xəbər verir ki, Bukangi ləqəbi verilən köpəkbalığı ötən ay ölkənin cənub-şərqində yerləşən liman şəhəri Busandakı kanalda aşkarlanıb. Təxminən bir ay ərzində burada qalan köpəkbalığı qısa müddətdə şəhərin ən çox diqqət çəkən canlılarından birinə çevrilib.

Çərşənbə günü xilasedicilər üç metr uzunluğundakı köpəkbalığını torların köməyi ilə açıq dənizə yönəltmək üçün səkkiz saatdan çox vaxt sərf ediblər. Əməliyyat canlı yayımlanıb. Kanalın yaxınlığındakı parkda toplaşan yüzlərlə insan köpəkbalığını alqışlarla yola salıb.

Lakin cümə axşamı səhər Bukangi quraşdırılmış maneəni keçərək yenidən kanala qayıdıb. Bir müddət iki tor təbəqəsi arasında sıxışıb qalan köpəkbalığı xilasedicilərin müdaxiləsindən sonra azad edilib. Daha sonra onun yenidən kanala daxil olmasının qarşısını almaq üçün qalan torlar möhkəmləndirilib.

Rəsmilərin sözlərinə görə, Bukangi hazırda açıq dənizə doğru üzsə də, dəfələrlə kanalın girişinə qayıdır. Cümə axşamı günortadan sonra hökumət rəsmisi BBC-yə xilasedicilərin köpəkbalığını xilas etmək əməliyyatını başa çatdırdıqlarını bildirib.

Mütəxəssislər hesab edirlər ki, qeyri-adi dərəcədə isti su və kanalda balıqların çoxluğu köpəkbalığını bura cəlb etmiş ola bilər. Dəniz suyunun temperaturunun ildən-ilə yüksəlməsi səbəbindən gələcəkdə Busan sahillərində daha çox köpəkbalığının görünə biləcəyi ehtimal olunur.

Bukangi kanalda qaldığı müddətdə 1,6 milyondan çox insanın diqqətini cəlb edib. Onun populyarlığı şəhərin turizminə də müsbət təsir göstərib. Busan sakinləri köpəkbalığını şəhərin qeyri-rəsmi simvollarından biri kimi qəbul ediblər.

Bununla belə, hakimiyyət orqanları onun sağlamlığından narahat olublar. Məlumatlara görə, köpəkbalığı zədələnmiş vəziyyətdə olub və qidalanmayıb. Sosial şəbəkələrdə yayılan videolarda onun burnunun qan içində olduğu görünür. Suyun temperaturunun aşağı düşməsinin də köpəkbalığının vəziyyətini daha da ağırlaşdıra biləcəyindən ehtiyat edilib.

Bukangini açıq dənizə yönəltmək üçün bundan əvvəl də iki cəhd göstərilsə də, nəticə əldə olunmayıb.

Şəhər sakinlərinin fikirləri isə iki yerə bölünüb. Bəziləri köpəkbalığının kanalda qalmasının daha təhlükəsiz olduğunu düşünür. Digərləri isə onun təbii mühitinə qayıtmasının vacibliyini vurğulayırlar.

Şimali Gyeonsan əyalətindən Busana gələn Ço Hanna köpəkbalığının kanaldan uzaqlaşdırılmasına etiraz edənlər arasındadır. O, Bukangini şəhər üçün nadir bir hədiyyə adlandırıb. Qadının sözlərinə görə, köpəkbalığı kanalı özünə yaşayış yeri seçib və onun buradan çıxarılması zəruri deyil. O, torlara ilişərək və ya açıq dənizdə yaşamaq üçün mübarizə apararkən köpəkbalığının ölə biləcəyindən narahat olduğunu bildirib.

Digər sakinlər isə köpəkbalığının sağlamlığı üçün açıq dənizə qayıtmasının daha doğru olduğunu düşünürlər. Yun İn Tek bildirib ki, sentyabrın 18-də Bukangini ilk dəfə görəndə o, daha iri görünürdü, indi isə xeyli arıqlamış təsiri bağışlayır.

Şin Sın Min adlı sakin də köpəkbalığının təbii mühitində sərbəst yaşamasını arzuladığını deyib. Onun sözlərinə görə, Bukangi insanlara böyük sevinc bəxş etsə də, normal həyatına qayıtmalıdır.

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et