Dünya üzrə hökumətlər və şirkətlər süni intellektin aşkarladığı və internet saytlarının təxminən 70 faizinə təsir edə biləcək kibertəhlükəsizlik boşluqlarını aradan qaldırmağa çalışır.

24media.az BBC.newsa xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi və Avropanın kibertəhlükəsizlik qurumu şirkətləri PHP proqramlaşdırma dilində aşkarlanan iki kritik boşluğu dərhal aradan qaldırmağa çağırıb. PHP internet saytlarının təxminən 70 faizində istifadə olunur.
Boşluqlar OpenAI, Google-a məxsus Wiz kibertəhlükəsizlik şirkəti və digər mütəxəssislər tərəfindən araşdırılıb. Məlum olub ki, problemlər proqram təminatında on ildən artıqdır mövcud olsa da, onların aşkarlanması və istismar edilməsi mürəkkəb texniki biliklər tələb edib. Süni intellekt isə bu prosesi əhəmiyyətli dərəcədə asanlaşdırıb.
PHP2Shell adlandırılan təhlükəsizlik boşluqları hücumçulara saytlara müdaxilə etmək, sistemlərdəki məlumatları oxumaq və parollar kimi həssas informasiyaları ələ keçirmək imkanı verə bilər.
PHP dilinin inkişafına cavabdeh olan PHP Foundation problemi aradan qaldırmaq üçün yeniləmə yayımlayıb və sayt operatorlarını sistemlərini dərhal yeniləməyə çağırıb. Cloudflare şirkətinin baş direktoru son bir neçə gündə bu boşluqlardan istifadə etməyə yönəlmiş milyonlarla cəhd qeydə alındığını bildirib.
Wiz tədqiqatçıları süni intellektin köməyi ilə bir mütəxəssisin əvvəllər yüksək ixtisaslı komandanın aylarla görə biləcəyi işi bir həftə ərzində yerinə yetirə bildiyini qeyd ediblər.
Yaponiyanın baş naziri Sanae Takaichi şirkətləri təhlükəsizlik risklərini azaltmaq üçün zərurət yarandıqda xidmətlərini müvəqqəti dayandırmağa çağırıb. Ölkənin ANA aviaşirkəti, JR West dəmir yolu operatoru və MUFG bankı bəzi səhifə və xidmətlərinin müvəqqəti dayandırıldığını bildiriblər.
Fransa, Danimarka, Finlandiya və Niderlandda bəzi dövlət saytları təhlükəsizlik yeniləmələri aparılarkən müvəqqəti olaraq əlçatmaz olub. Vikipediyanı idarə edən Wikimedia Foundation da ehtiyat tədbiri olaraq bəzi sistemlərini dayandırıb.
Böyük Britaniya hökumətinin nümayəndəsi Elizabet Lloydun sözlərinə görə, təhlükəsizlik yeniləmələri səbəbindən ölkədə təxminən 33 dövlət xidməti əlçatmaz olub, daha dördü isə qismən fəaliyyət göstərib.
Wiz mütəxəssisləri hadisəni 2014-cü ildə aşkarlanan və internetdə geniş istifadə olunan şifrələmə texnologiyasına təsir edən Heartbleed boşluğu ilə müqayisə ediblər. Onların fikrincə, bu hadisə süni intellektin kibertəhlükəsizlikdə həm təhlükələri aşkarlamaq, həm də mövcud boşluqlardan hücum məqsədilə istifadə etmək imkanlarını artırdığını göstərir.
Banuçiçək Qurbanova
